Mahir Məmmədov: “Qarabağda şahmat turnirinin keçirilməsi müzakirə edildi”
Mahir Məmmədov: “Qarabağda şahmat turnirinin keçirilməsi müzakirə edildi”

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra qurumun mətbuat xidmətinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

İlk öncə İcraiyyə Komitəsinin iclasında müzakirə olunan məsələlər barədə danışmaq istərdik. Hansı qərarlar qəbul edildi?

Əsasnaməyə görə Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsi ildə ən azı iki dəfə toplaşmalıdı. 2022-ci ildəki ilk iclasda Azərbaycan şahmat həyatının gələcəyi baxımından çox mühüm qərarlarla bağlı fikir mübadiləsi aparıldı. İcrakomun bütün üzvlərinin iştirak etdiyi görüşdə nizamnaməyə dəyişikliklərə baxıldı. Sonra cari il üçün federasiyanın büdcəsi təsdiq olundu. Vacib məsələlərdən biri yığma komandaların formalaşma prinsipi müzakirə edildi. İcraiyyə Komitəsi şahmatçıların milli komandalara hansı şərtlərə əsasən dəvət olunacağını müəyyənləşdirdi. Bu qərardan asılı olaraq həm də təqaüd alacaq şahmatçılar məlum olacaq. Gündəlikdə müzakirə edilən məsələlərdən biri təqvimlə bağlı idi. Müzakirələrdən sonra 2022-ci ildəki təqvim dəqiqləşdirildi. Ölkədəki yarışların və beynəlxalq turnirlərin tarixlərinin üst-üstə düşməməsi çox vacibdi. Eyni zamanda federasiyanın nəzdində fəaliyyət göstərəcək daimi komissiyalara rəhbər şəxslərin namizədliyinə baxıldı.

2022-ci ildə Azərbaycanda beynəlxalq şahmat yarışlarının keçirilməsi gözlənilir?

İclasda həmçinin 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasının bu il keçirilməsi müzakirə edildi. Bu yarış 2 il öncə Naxçıvanda təşkil olunmalı idi. Koronavirus pandemiyasına görə bir çox yarışlar, o cümlədən yeniyetmələrin olimpiadası təxirə salındı. Ölkəmizin bu yarışla bağlı Beynəlxalq Şahmat Federasiyası qarşısında öhdəliyi var. Son günlər karantin qaydalarının yumşaldılmasını nəzərə alaraq, 2022-ci ildə mötəbər yarışın Naxçıvanda baş tutacağına inanırıq. Bilirsiniz ki, 2019-cu ildə Türkiyədə keçirilən son yarışda ölkəmizin 16 yaşlılardan ibarət komandası olimpiadanın qalibi olub. Bu il ev sahibi kimi növbəti dəfə uğurlu çıxış etməyə çalışacayıq. Cari il həm də Qarabağ torpaqlarında şahmat yarışının təşkili baxımından əhəmiyyətli ola bilər. İcraiyyə Komitəsində Qarabağda – işğaldan azad olunan torpaqlarda beynəlxalq turnirin keçirilməsi təklif olundu. Şahmat üzrə superturnirin təşkili məsələsi müzakirə edildi. Bunun üçün şahmat təqvimində tarix seçildi. Qərara alındı ki, federasiya bu yarışla bağlı Gənclər və İdman nazirliyinə müraciət hazırlasın.

Tanınmış məşqçi Mixail Şereşevski Bakıda səfərdədir. Maraqlıdır məşqçi ilə müqavilə hansı müddətə nəzərdə tutulub?

Tanınmış pedaqoq, məşqçi Mixail Şereşevski bir müddət Azərbaycan şahmatçıları ilə işləyəcək. Onların hazırlığı, inkişafı barədə bizə məlumat verəcək. İcraiyyə Komitəsində Şereşevskinin müqaviləsi müzakirə edildi və 6 aylıq razılaşmanın imzalanması barədə qərar qəbul edildi. Şereşevski 6 yaş kateqoriyası üzrə yeniyetmə və gənc şahmatçılara baxış keçirəcək. Fikrimizcə belə təcrübəli pedaqoq və məşqçinin şahmatçılarımıza böyük faydası olacaq.

İclasın sonunda Avropa çempionatında yüksək nəticə göstərən şahmatçılarla görüş oldu. Şahmatçılardan belə yüksək nəticə gözləyirdinizmi?

İlk dəfə olaraq Avropa çempionatında 4 şahmatçımız Dünya Kubokuna vəsiqə qazandı. Ümumiyyətlə təmsilçilərimiz Sloveniyada parlaq oyunlar nümayiş etdirdi. Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazandı. Çexiyanın ən güclü şahmatçısı David Navaranı məğlub edən Abdulla çox gözəl oyun göstərdi və bir müddət yarışın vahid liderinə çevrildi. Millimizin üzvü Gövhər Beydullayeva qadınlar arasında çempionatın ən yüksək nəticəsinə imza atdı. Reytinqini 70 əmsal artırdı və qadınlar arasında beynəlxalq qrossmeyster oldu. Gövhərin Dünya Kubokuna vəsiqə qazanması üçün yarım xalı kifayət etmədi. Read Səmədov kişilərin yarışında ilk qrossmeyster balını topladı. Bildirmək istərdim ki, federasiya olaraq şahmatçıların nəticələrini daim nəzarətdə saxlayarıq, onların daha böyük qələbələr qazanması üçün lazımi işlərin həyata keçirilməsinə çalışırıq.

AŞF-nin mətbuat xidməti